×
A
A
A
Sazlamalar

Zəfər Günü ilə bağlı xüsusi videoçarx Yaponiyanın internet resurslarında paylaşılıb VİDEO

Tokio, 8 noyabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin (AYDM) təşəbbüsü ilə 8 Noyabr - Zəfər Gününə görə hazırlanmış xüsusi videoçarx Yaponiya saytlarında yayımlanıb və sosial şəbəkələrdə paylaşılıb.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən AYDM-nin sədri Xəlil Kələntər bildirib ki, mərkəzin təşəbbüsü ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxın əsas məqsədi ölkəmizin iki il əvvəl qazandığı böyük Qələbə barədə yapon ictimaiyyətini məlumatlandırmaqdır. Mərkəzin sədri bu məqsədlə Yaponiyada geniş əhatə dairəsinə malik olan “Cross Border Club 3.0” yutub kanalında yayımlanan xüsusi verilişdə diaspor rəhbərliyinin çıxış etdiyini də bildirib.
Qeyd edib ki, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının sədaları altında nümayiş etdirilən videoçarxda ilk olaraq Dövlət Bayrağımızın fonunda “Zəfər günün mübarək, Azərbaycan!” sözləri ana dilimizlə yanaşı, yapon və ingilis dillərində də əksini tapıb. Sonrakı kadrlarda lalələrlə bəzənmiş Cıdır düzü, Qarabağın azadlıq rəmzinə çevrilmiş Xarıbülbül çiçəyi, işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi dağıntılar, bizim bu torpaqlarda uzun müddət yaşadığımızı təsdiq edən Qobustan qayalarındakı rəsmlər, Şuşa qalasının qapıları qarşısında şahə qalxan Qarabağ atı üzərindəki milli geyimli igid və Şəhidlər xiyabanında ucaldılmış abidənin önündə Azərbaycan bayrağını dalğalandıran qazi yer alıb.
“Biz bununla yapon ictimaiyyətinə Qarabağın qədim Azərbaycan torpağı olduğunu, ermənilərin işğal etdiyi ərazilərə yalnız dağıntı və səfalət gətirdiyini, Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı nəhəng bərpa və quruculuq işlərini çatdırmağa çalışmışıq”, - deyə mərkəzin sədri bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio 

Diaspor 2022-11-08 09:49:00

Video