×
A
A
A
Sazlamalar

Canna Skott: Azərbaycan rəhbərliyi multikulturalizmin təşviqinə həmişə xüsusi diqqət yetirib VİDEO

Vaşinqton, 29 oktyabr. AZƏRTAC

Xəbər verildiyi kimi, oktyabrın 26-da Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumlar, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər. Konfransda iştirak edən natiqlərdən biri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ filialının rəhbəri Canna Skott deyib: “Sülh və təhlükəsizlik mövzusuna həsr olunan beynəlxalq konfransda iştirakçı olmağımdan qürur duyuram. Biz Azərbaycana, xüsusən də Prezident İlham Əliyevə və Azərbaycanın ümummilli lideri Heydər Əliyevə çox minnətdarıq ki, multikulturalizmin təşviqinə həmişə xüsusi diqqət yetiriblər və dini mənsubiyyətindən asılı olmayaraq insanları bir araya gətirməyə səy göstəriblər. Biz bu gün müxtəlif elm və iş adamları, dini liderlər, və rəsmilərlə bir araya gəlmişik. Sizə bildirmək istəyirəm ki, Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir və Azərbaycanda işlənilən model başqa ölkələrdə tətbiq olunmalıdır. Biz ABŞ-da çoxsaylı dini ayrı-seçkilik faktları ilə üzləşirik. Hazırda ölkəmizdə antisemitizmlə bağlı problemlər var. Azərbaycanda isə dinindən və etiqaddan asılı olmayaraq, bütün insanlara hörmət bəslənilir və dəstək verilir”.
Xatırladaq ki, konfrans ABŞ-ın Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, Amerika Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

Din 2022-10-29 20:48:00

Video