×
A
A
A
Sazlamalar

İqtisadi Zonaların İnkişafı Agentliyi “Rebuild Karabakh 2022” sərgisində təmsil olunur

Bakı, 19 oktyabr, AZƏRTAC

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində öz stendi ilə iştirak edir.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq olunan vergi və gömrük güzəştləri, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının baş planları və hər iki sənaye parkında görülmüş işlər barədə məlumatlar verilir. Sərgi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusuna həsr edilmiş panel iclasda sənaye zonalarına dair təqdimat keçirilib. Sərgidə, həmçinin Sumqayıt Kimya Sənaye Parkının rezidentləri – İnşaat Kimyəviləri Zavodu, “Azertexnolayn” MMC, “STP” MMC-də öz stendləri ilə təmsil olunurlar.
Qeyd edək ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi oktyabrın 21-dək davam edəcək.

İqtisadiyyat 2022-10-19 19:09:00