×
A
A
A
Sazlamalar

Pensilvaniyada Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd olunub

Vaşinqton, 16 oktyabr, AZƏRTAC

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Pensilvaniya ştatında “Enerji Təhlükəsizliyi Konfransı” keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransa yerli və xarici enerji ekspertləri, dövlət və özəl sektorun nümayəndələri qatılıblar. Konfrans neft tarixi ilə zəngin Venanqo bölgəsində yerləşən “Drake Well” muzeyinin qarşısında Oil City şəhərinin meri Bill Mun və səfir Xəzər İbrahim tərəfindən şəhərin xüsusi məşəlinin yandırılması ilə başlayıb. Mer Bill Mun Azərbaycanın müvafiq şəhəri ilə Oil City arasında Qardaşlaşma haqqında Anlaşma Memorandumunu imzalamağa hazır olduqlarını qeyd edib.
Konfrans enerji sahəsində müxtəlif mövzulara həsr edilmiş 4 paneldən ibarət olub. Panellərdə ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən, Hudson İnstitutundan, Konqres Araşdırma Xidmətindən, Vaşinqton İnstitutundan və İrs Fondundan, ABŞ Beynəlxalq İnkişaf Agentliyindən nümayəndələr, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Morninqstar, dövlət və özəl sektorun təmsilçiləri iştirak ediblər.
“Mövcud reallıqlar çərçivəsində neft və qaz hasilatı hövzələrinin gələcəyi” adlı paneldə çıxış edən səfir Xəzər İbrahim Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfədən danışıb, enerji böhranının yaşandığı bir dövrdə ölkəmizin regionda əsas aktorlardan biri olduğunu vurğulayıb. ABŞ ilə Azərbaycan arasında enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin inkişaf etdiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan əsasən neft və qaz ixrac edən ölkə olsa da, hazırda bərpaolunan və alternativ enerji mənbələrində istifadə ilə bağlı mühüm addımlar atır, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bu sahədə potensial daha da artıb. Azad olunmuş torpaqların sıfır emissiyalı əraziyə çevrilməsi istiqamətində ciddi bərpa və yenidənqurma işləri aparılır.
Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın milli kulinariyasının təbliğinə həsr olunmuş tədbirə də qatılıblar, ölkəmizin mətbəxi ilə tanış olublar.
Konfrans ilə bağlı ABŞ mətbuatında çoxsaylı məqalələr dərc edilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

Energetika 2022-10-16 10:22:00