×
A
A
A
Sazlamalar

Marneulidəki “Azərbaycan Evi”nin təşkilatçılığı ilə Tbilisidə etiraz aksiyası keçirilib

Tbilisi, 12 oktyabr, AZƏRTAC

Marneulidəki “Azərbaycan Evi”nin təşkilatçılığı ilə Gürcüstan İnsan Hüquqları üzrə Müvəkkil aparatının, BMT, ATƏT, Avropa Şurası və Avropa İttifaqının Tbilisidəki ofislərinin qarşısında piket keçirilib.
Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını, erməni vəhşiliyin qurbanlarının şəkillərini tutmuş aksiya iştirakçıları beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən ermənilərin 44 günlük Vətən müharibəsi dövründə Gəncəni, Bərdəni raket atəşinə tutmasına, eləcə də Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı məsələyə münasibət bildirmələrini tələb ediblər.
Aksiyanın əsas təşkilatçısı “Azərbaycan Evi”nin rəhbəri Məhəbbət İmanov AZƏRTAC-a müsahibəsində deyib ki, aksiya iştirakçıları və Gürcüstanda fəaliyyət göstərən 100-ə yaxın Azərbaycan icmaları adından beynəlxalq təşkilatlara bəyanat təqdim olunub.
Onun sözlərinə görə, bəyanatda ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklər qətiyyətlə pislənilir. Dünya ictimaiyyətindən və nüfuzlu beynəlxalq təşkilatlardan erməni vəhşiliyinə münasibət bildirilməsi tələb olunur.
Aksiya iştirakçısı, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov deyib ki, beynəlxalq təşkilatların zaman-zaman erməni vandalizminə və terroruna kəskin reaksiya verməməsi onların daha da azğınlaşmasına və daha ağır cinayətlər törətməsinə səbəb olub. Onun sözlərinə görə, erməni separatçıları beynəlxalq hüququn norma və prinsipləri əsasında cəzalandırılmalıdırlar.
“Cinayət cəzasız qalanda cəmiyyət daha qatı, insanlığa sığmayan cinayətlərlə üzləşir”,- deyə Ə.Bədirov vurğulayıb.
Bu cür aksiyaların davamlı olacağı bildirilib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Diaspor 2022-10-12 14:04:00