×
A
A
A
Sazlamalar

Moldova rəsmilərinə Edilli cinayəti barədə məlumat verilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Moldovada fəaliyyət göstərən Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun adından Moldova Prezidenti Maya Sandu, ölkə parlamentinin sədri İqor Qrosu, ATƏT-in Moldovadakı missiyasının rəhbəri Klaus Noykirx və BMT-nin Moldovadakı nümayəndəliyinə ünvanlanan müraciətdə Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin sübutu kimi dəyərləndirilib.
Edillidə aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğu, Ermənistan tərəfinin indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığı diqqətə çatdırılıb.
Bu cinayətin Moldovada yaşayan soydaşlarımızda dərin hiddət doğurduğu vurğulanıb.
Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dövründə ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini bir daha xatırladan soydaşlarımız Moldova rəsmilərindən və beynəlxalq birlikdən Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulması, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görülməsini tələb edib.

Diaspor 2022-10-10 17:41:00