×
A
A
A
Sazlamalar

Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulaq açılıb VİDEO

Kürdəmir, 2 oktyabr, AZƏRTAC
Kürdəmirin Qarabucaq kəndində I Qarabağ müharibəsi şəhidi Qalib Alşan oğlu Əliyevin xatirəsinə tikilən xatirə bulağının açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, şəhid ailələri, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, məktəblilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xatirə bulağının açılışı mərasimində Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Qalib Əliyevin şərəfli həyat yolundan danışılıb, onun vətənpərvər, elə-obaya bağlı bir insan olduğu vurğulanıb. Habelə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Qalib və onun kimi şəhidlərimizin sayəsində qazanılıb, torpaqlarımız erməni qəsbkarlarından azad edilib.
Tədbirdə məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Şəhidin anası Əsbət Əliyeva göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Qalib Alşan oğlu Əliyev 1970-ci il oktyabrın 1-də Kürdəmirin Qarabucaq kəndində dünyaya göz açıb. Hərbi xidmətini Rusiyada keçirib. Xidməti başa vurduqdan sonra Kürdəmirdəki 5 nömrəli Dəmir yolu sahəsində fəhlə işləyib. I Qarabağ müharibəsində Qalib də minlərlə gənc kimi cəbhəyə yollanıb. Son döyüşü Fərrux dağı istiqamətində olub və həmin döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Regionlar 2022-10-02 07:55:00

Video