×
A
A
A
Sazlamalar

İsveçin “Dagens ETC” qəzetində Azərbaycanın bu ölkədəki səfirinin məqaləsi dərc olunub

Stokholm, 29 sentyabr, Rauf Əliyev, AZƏRTAC

İsveçin “Dagens ETC” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Zaur Əhmədovun məqaləsi dərc olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məqalədə Ermənistanla Azərbaycan arasındakı əlaqələr, bu ay iki ölkə arasında meydana gələn hərbi toqquşmalar və onlara gətirib çıxardan amillər haqqında məlumat verilib.
Azərbaycan ərazisi olan Qarabağın uzun illər davam etmiş işğalı, soydaşlarımızın soyqırımı və doğma evlərindən qovulması hallarına diqqət çəkilən mətndə, Ermənistanın 2020-ci ilə qədər 30 il ərzində 1 milyon azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini işğal etdiyi bildirilir. Həmin il baş verən müharibədə, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinə tam uyğun olaraq torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdıran Zaur Əhmədov, ərazilərin azad edilməsinə baxmayaraq buralarda ermənilər tərəfindən yerləşdirilmiş 1 milyona yaxın mina, habelə Ermənistanın törətdiyi cinayətlərin hələ də məcburi köçkün azərbaycanlıların böyük hissəsinin öz evlərinə qayıtmasına mane olduğu bildirilir.
Münaqişənin bitməsi ilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası tələb olunduğunu bildirilən məqalədə, qarşı tərəfin indiyədək bu müddəaları yerinə yetirməkdən, eləcə də sülh sazişi imzalamaqdan imtina etdiyinə də diqqət çəkilir.
Daha sonra, son baş verən danışıqlardan sonra Ermənistanın sülh prosesindən yaxa qurtarmaq üçün silahlı təxribatlara əl atdığını bildirən diplomat qeyd edib ki, bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi anlamına gəlir.
Sonda bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparan Azərbaycan gərginliyin artmasında maraqlı deyil və Ermənistanla ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişi imzalamağa hazırdır.

 

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

 

 

 

 

Siyasət 2022-09-29 20:54:00