×
A
A
A
Sazlamalar

Politoloq: 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin xalqımız üçün böyük əhəmiyyəti var

Bakı, 29 sentyabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında daim müdrik siyasi lider, ideoloq, həmçinin müasir müstəqil Azərbaycanın qurucusu kimi yaşayır. Ulu Öndərin sayəsində Azərbaycan böyük nailiyyətlər əldə edərək, ölkəmizi parçalamağa, süqut etdirməyə çalışan xarici güc mərkəzlərini, daxili xəyanətkarları zərərsizləşdirib.
Ötən əsrin sonlarında Azərbaycan hər tərəfdən düşmənlərin, imperialist dairələrin, daxildəki siyasi bacarıqsız qüvvələrin əhatəsində idi. Məhz Ümummilli Liderin qətiyyətli addımları, siyasi uzaqgörənliyi sayəsində Azərbaycan çətin vəziyyətdən xilas olaraq inkişaf yoluna qədəm qoydu. Ölkəmiz təkcə regionun deyil, dünyanın ən önəmli dövlətlərindən birinə çevrilməyə başladı. Hazırda məhz Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan güclü xalq-dövlət birliyi olan firavan dövlətdən Zəfər qazanan, torpaqlarını işğaldan azad edən mühüm geostrateji qüvvəyə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
T.İsmayılov qeyd edib ki, eyni zamanda, hələ SSRİ dövründə ölkəmizə qənim kəsilən qüvvələrin bütün səylərinə baxmayaraq, Ulu Öndər vəzifədə olduğu üçün Azərbaycan qürurla dirçəlirdi. Bütün hadisələrin təhlili də göstərir ki, Heydər Əliyev kimi dünya səviyyəli lider Azərbaycanın rəhbəri olmasaydı, ölkəmizin gələcəyinin necə olacağı bəlli idi. Məhz bu baxımdan, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin xalqımız üçün böyük əhəmiyyəti var. Vətəndaşlarımız Ulu Öndərin anadan olmasının 100 illiyində onun əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anacaqlar.
Politoloq bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi üçün saysız-hesabsız misilsiz xidmətləri olub. Ümummilli Liderin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə SSRİ daxilində ölkəmizə qənim kəsilən dairələrin hücumları dəf edildi. Azərbaycan ötən əsrin 60-cı illərində sosial-iqtisadi inkişaf tempinə görə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Ölkənin sosial-iqtisadi tənəzzülü xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi. Ulu Öndər diqqəti və qayğısı, həyata keçirdiyi islahatlar sayəsində Azərbaycan ittifaq daxilində ən vacib ölkələrdən birinə çevrildi. Həmin dövrdə Ulu Öndərin ölkəmizin hərbi potensialının artırılması ilə bağlı verdiyi qərarların əhəmiyyəti 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdə bir daha aydın oldu. 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması isə milli hərbi kadrların yetişdirilməsi baxımından vacib əhəmiyyətə malik idi. Sonrakı dövrlərdə isə Ulu Öndərin siyasi qərarları Prezident İlham Əliyev tərəfindən hərbi sahədə uğurla davam etdirildi.
Tural İsmayılov deyib ki, Ümummilli Liderin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri olduğu dövrdə gördüyü işlər nəticəsində Azərbaycan SSRİ-nin ən strateji ölkələrindən biri çevrildi. Təəssüf ki, həmin dövrdə ölkənin uğurlarını həzm edə bilməyənlər ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verməsindən sonra Azərbaycana qarşı böyük haqsızlıqlar etdilər. Bacarıqsız insanların rəhbər vəzifələrə gətirilməsi ilə SSRİ rəhbərliyinin xalqımıza yönələn cinayətləri başladı. Dövlətimiz bir daha 1993-cü ildə Ulu Öndərin prezident seçilməsindən sonra dirçəlməyə başladı.
“Bu gün Azərbaycan Qoşulmama Hərəkatına uğurla rəhbərlik edir. Ölkəmizin siyasi imkanları geniş olmaqla bərabər, Azərbaycanda nümunəvi xalq-dövlət birliyi var, dövlətimizin siyasi və hərbi gücü iqtisadi imkanlarını da artırır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün uğurla davam və inkişaf etdirilir, müxtəlif sahələrdə islahatlar dərinləşir. Həmçinin Azərbaycan işğal altındakı torpaqlarını azad edib. “Şuşa İli”də Qarabağın incisi olan gözəl Şuşada mühüm və vacib tədbirlər keçirilib. Əminik ki, 2023-cü ildə Qarabağa qayıdış prosesi ilə bərabər, “Heydər Əliyev İli” çərçivəsində də vacib tədbirlərə şahidlik edəcəyik”, - deyə politoloq əlavə edib.
O vurğulayıb ki, bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan Bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Azad Qarabağda və bütün ölkəmizdə Ulu Öndərimizi yad edəcəyik.

Siyasət 2022-09-29 20:06:00