×
A
A
A
Sazlamalar

Şirvanda 27 Sentyabr- Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Şirvan, 28 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
27 Sentyabr- Anım Günü ilə əlaqədar Şirvan şəhərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumşəhər anım tədbiri Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Keçirilən ümumşəhər anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının, regional idarələrin, ictimai-siyasi qurumların rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Anım tədbiri Şəhidlər xiyabanında davam edib. İştirakçılar Şəhidlər xiyabanının girişində quraşdırılmış Şirvan şəhidlərinin şəkillərindən ibarət kompozisiya ilə tanış olublar. İtkin düşən Şirvan şəhidlərinin xatirə lövhəsi, “Əbədi məşəl” abidə kompleksi”, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Ləyaqət, dəyanət, mətanət rəmzi olan şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” abidə kompleksinin qarşısında Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri davam edib. Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə Zəfər yürüşünə başladığını vurğulayıb.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı Qələbəsinin şahidi olduğu bildirilib. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığı diqqətə çatdırılıb. Azərbaycanda şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyi, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyü, döyüşlərdə şücaət və qəhrəmanlıq göstərən bütün hərbçilərin dövlətimizin başçısı tərəfindən orden və medallarla təltif edildiyi vurğulanıb. Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığı, onların adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyü qeyd edilib. Vətən müharibəsində qazandığımız şanlı Qələbənin tariximizdə əbədi qalacağını, şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyi bildirilib.
Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhərmanlıq nümunələrindən, arxa cəbhədə xalqımızın “Dəmir yumruq” kimi möhkəm birliyindən, tarixə qızıl hərflərlə həkk olunmuş Zəfərdən, şəhidliyin ali məqamlarından danışıblar.
Sonra şəhər məktəbliləri Anım Gününə həsr olunan bədii kompozisiya ilə çıxış ediblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Tədbirin sonunda İlqar Abbasovun, Milli Məclisin deputatı vəkili İltizam Yusifovun, Şura üzvlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin iştirakı ilə Vətən uğrunda canını fəda edən qəhrəmanların əziz xatirəsinə ehtiram əlaməti olaraq şəhərin Şəhidlər xiyabanında ağacəkmə aksiyası keçirilib.
Daha sonra Milli qəhərmanların-Nofəl Quliyevin, Rəfael Həbibovun, Tahir Bağırovun büstləri, Şirvan şəhər qəbiristanlığında dəfn olunan şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

 

Regionlar 2022-09-28 05:51:00