×
A
A
A
Sazlamalar

27 Sentyabr - Anım Günü ilə əlaqədar Aqrar Universitetdə silsilə tədbirlər təşkil edilib VİDEO

Gəncə, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin bütün tədris korpuslarında dərslərin ilk 15 dəqiqəsində şəhidlərin əziz xatirəsi yad olunub, tələbələrə Vətən müharibəsinin tarixi əhəmiyyəti və əldə etdiyimiz uğurlar barədə məlumat verilib.
Sonra universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr Gəncə şəhər Şəhidlər xiyabanına gələrək şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
Günün ikinci yarısında Anım Günü münasibətilə universitetin Mühəndislik tədris korpusunda geniş tədbir təşkil edilib.
Tədbirdə ADAU-nun rektor əvəzi Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Azər İbrahimov, universitetin müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Universitetin rektor əvəzi Zəfər Qurbanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını deyib. O bildirib ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirib və tarixi Qələbəmizin əsası qoyulub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.
Çıxış edən İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Azad Bayramov, ADAU-nun əməkdaşı və Vətən müharibəsi iştirakçısı Asif Hacızadə ölkəmizdə qazilərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Sonra universitetin Vətən müharibəsində iştirak edən əməkdaşları haqqında hazırlanan videoçarx izlənilib.
Tədbirin ikinci hissəsində tələbələr tərəfindən hazırlanan kompozisiyalar nümayiş olunub, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Regionlar 2022-09-27 22:35:00

Video