×
A
A
A
Sazlamalar

Cəlilabadda Anım Günü qeyd olunub

Cəlilabad, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.
Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, çıxışlarda 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutduğu, ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atdığı diqqətə çatdırılıb. Qırx dörd gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edərək tarixi Qələbəyə imza atdığı vurğulanıb.
Həmçinin bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, düşmənə layiqli cavab verildiyi qeyd olunub.
Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Vətən müharibəsi şəhidi Elməddin İbrahimovun atası Zeynəddin İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı, leytenant Qəzənfər Ağayev, Birinci Qarabağ müharibəsi şəhidi Şamil Nəzərovun qardaşı, baş leytenant Aqil Nəzərov və qazi Maşalla Əliyev çıxış edərək döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi Qələbəmizdən danışıblar.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoydular.
Şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Cəlilabad şəhəri, Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.

 

Regionlar 2022-09-27 15:58:00