×
A
A
A
Sazlamalar

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

Naxçıvan, 27 sentyabr, AZƏRTAC

Əzəli və əbədi Qarabağımızın azad olunması üçün iki il bundan öncə başlanan haqq savaşında minlərlə qorxmaz igid cəbhəyə üz tutdu. 44 günlük Zəfər dastanı yazan Vətən oğulları misli görünməmiş qəhrəmanlıq göstərdi, dünya hərb tarixinə keçən cəsarət nümayiş etdirdilər. Otuz il erməni tapdağında qalan torpaqlarımızı azad etdi, xalqa Qələbə müjdəsini yaşatdılar. Şanlı Zəfərimizin qazanılmasında naxçıvanlı döyüşçülər də böyük şücaət göstərdi, canı-qanı bahasına Şuşaya qədər şərəfli döyüş yolu keçdilər. Uğrunda fəda olduqları üçrəngli bayrağı Şuşa qalasına sancdılar.
Azərbaycana şanlı Zəfəri qazandıran, ərazi bütövlüyümüz naminə canlarından keçən əbədiyaşar qəhrəmanlarımız Naxçıvanda da böyük sevgi və minnətdarlıqla anılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 27 Sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

 

Regionlar 2022-09-27 13:24:00