×
A
A
A
Sazlamalar

Azərbaycanın İndoneziyadakı səfirliyində Anım Günü qeyd olunub

Cakarta, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycanın İndoneziyadakı səfirliyində Anım Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, səfirlikdə İndoneziyanın “Jarıngan Media Siber Indonesia” təşkilatının nümayəndələrinin iştirakı ilə İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan Anım günü tədbiri keçirilib.
Tədbirdə 2020-ci il sentyabrın 20-nin Azərbaycan xalqı üçün 30 il erməni işğalı altında olan torpaqların azad olunması, Vətən müharibəsində canlarından keçərək şəhid olan Azərbaycan övladlarının xatirəsinin yad edildiyi gün olduğunu bildirən səfir Cəlal Mirzəyev, həmin günün Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldığını söyləyib. Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun erməni işğalı altında qalan torpaqlarımızın 30 illik əsarətinə son qoyduğunu, Azərbaycan xalqının bu haqlı mübarizədə canından keçən şəhidlərin xatirəsini hər ilin sentyabrın 27-də böyük ehtiramla andığını diqqətə çatdırıb.
Vətən müharibəsi və postmüharibə dövrü haqqında iştirakçılara geniş məlumat verən diplomat, Azərbaycanın ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını, regionda sülhün və əmin-amanlığın bərpa olunmasında maraqlı olduğunu vurğulayıb. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan böyük bərpa və quruculuq işlərindən danışıb. Ermənilərin 30 il ərzində viran qoyduğu torpaqların bərpası, minalardan təmizlənmə istiqamətində görülən işlərdən geniş bəhs edib. Azərbaycan xalqının hər zaman şəhidlərin xatirəsini əziz tutacağını bildirib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam və uzun ömür diləyib.
Tədbir iştirakçılarının suallarını cavablandıran səfir, onlara Azərbaycanın dilbər guşəsi və mədəniyyət paytaxtı olan Şuşa şəhəri haqqında da ətraflı məlumat verib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta 

Siyasət 2022-09-27 11:11:00