×
A
A
A
Sazlamalar

Cənubi Koreya və ABŞ hərbçiləri birgə təlimlərə başlayıb

Pekin, 26 sentyabr, AZƏRTAC

Cənubi Koreya və ABŞ hərbçiləri Şərq (Yapon) dənizində son 5 ilin ilk birgə hərbi dəniz təlimlərinə başlayıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Şimali Koreyanın növbəti ballistik raket sınağından bir gün sonra başlayan təlimlərə hər iki tərəfdən xeyli sayda canlı qüvvə, 20 hərbi gəmi, o cümlədən ABŞ-ın nüvə başlıqlı raketlərə malik “Ronald Reyqan” təyyarədaşıyan gəmisi və “USS Annapolis” sualtı qayığı, müxtəlif növ hərbi təyyarə və helikopterlər cəlb olunub. Cənubi Koreya-ABŞ ittifaqının güclü iradəsini nümayiş etdirən və birgə əməliyyatlar üçün imkanları dəqiqləşdirmək məqsədi daşıyan təlimlər 4 gün davam edəcək.
Təlimlər Şimali Koreyanın nüvə silahı və sualtı qurğudan ballistik raket buraxılışı sınağı kimi təxribatçı addımlar ehtimalı ilə bağlı davam edən spekulyasiyalar fonunda Seul və Vaşinqtonun təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində növbəti addımıdır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-09-26 15:39:00