×
A
A
A
Sazlamalar

Şuşa şəhərinin tarixi memarlıq abidəsi sayılan məscidləri VİDEO

Şuşa, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

XVIII əsrin sonu - XIX əsrdə inşa edilmiş Şuşadakı məscidlər haqqında danışarkən qeyd etmək lazımdır ki, Yuхarı Gövhər ağa məscidi Şuşanın mərkəzi “Meydan” adlanan ərazisində yerləşən və şəhərdə tikilmiş ən qədim məsciddir. Yuхarı Gövhər ağa məscidinin inşası Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə eyni vaxtda qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrdə, 1883-1884-cü illərdə məscidin yerində Gövhər ağanın maddi vəsaiti əsasında qoşa minarəli məscid inşa edilmişdir. XIX əsrin memarlıq abidəsi olan Yuхarı Gövhər ağa məscidinin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
E.Əhmədov bildirib ki, digər məscidin inşası da memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. XIX əsrin memarlıq abidəsi olan və şəhərin ikinci cümə məscidi sayılan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır.
Bununla yanaşı, 17 məhəllənin hər birində inşa edilmiş məscidlər içərisində Saatlı məscidi Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən, 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmiş tarixi məsciddir. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olmuşdur. Şuşanın düz fasadlı məscidlərindən olan Saatlı məscidinin əsas fasadı assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Yuxarı və Aşağı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin tək minarəsi məscid binası ilə birləşik şəkildə olmamış, həmçinin minarəyə girişi məscidin daxilindən deyil, həyət hissəsindən olmuşdur. Saatlı məscidinin XIX əsrin ikinci yarısından Şuşanın mərkəzi meydanları sırasında, “Bazarbaşı” və ya “Divanxana meydanından görünən və özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynamışdır. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən geniş istifadə olunmuşdur. 1980-ci illərdə məsciddə restavrasiya işləri aparılmışdır.
“Didər bir məscid XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır. “Təzə məhəllə” məscidi XIX əsrdə Şuşanın Təzə məhəlləsində, Mehmandarovların malikanə kompleksinin daxilində inşa edilmişdir. Bununla yanaşı, “Çuxur məhəllə” məscidi XIX əsrdə Şuşanın qədim Çuxur məhəlləsində, “Hacı Yusifli” məscidi Hacı Yusifli məhəlləsində, “Çöl qala” məscidi Çöl qala məhəlləsində, Köçərli məscidi Köçərli məhəlləsində tikilmişdir. Eyni zamanda, Xocamircanlı, Quyuluq, Merdinli və Seyidli məhəllə məscidləri də mövcud olmuşdur. Məscidlər Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır”, - deyə E.Əhmədov qeyd edib.

Regionlar 2022-09-26 10:51:00

Video