×
A
A
A
Sazlamalar

Gəncənin futbol üzrə məşqçi-müəllimi mərhum Konstantin Abramenkonun məzar daşı yenilənib

Gəncə, 26 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Tanınmış uşaq futbol məşqçisi Konstantin Abramenkonun köhnəlmiş məzar daşı yenilənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu addım “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin təşəbbüsü və şəhərin futbol ictimaiyyətinin təklifi ilə reallaşıb. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi və nümayəndələri, klub rəhbərliyi, məşqçilər, futbolçular, eləcə də veteranlar tərəfindən Konstantin Abramenkonun Fəxri xiyabanda olan məzarı ziyarət olunub, önünə tər qərənfillər düzülüb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, "Kəpəz" PFK-nın İdarə heyətinin üzvü Həmid Nəsirov Konstantin Abramenkonun uzun illər Gəncə futboluna təmənnasız xidmət etdiyini, onun başçılıq etdiyi komandaların sovet dövründə ittifaq miqyaslı turnirlərdə layiqincə təmsil olunduğunu vurğulayıb.
İdarə heyətinin sədri İlqar Nadiri Konstantin Abramenkonun dövrünün bacarıqlı, zəhmətkeş məşqçisi olduğunu, Azərbaycan futboluna bir neçə nəsil güclü futbolçu bəxş etdiyini bildirib. Əlavə edib ki, dahi mütəxəssisin xatirəsinə həsr olunan və uşaqlar arasında keçirilən ənənəvi turnir tezliklə bərpa olunacaq və bu yarış Gəncədə yenə bayram ab-havası yaradacaq.
Əsas komandanın baş məşqçisi Tərlan Əhmədov Abramenkonun məşq bölməsindən çıxan futbolçuların “Kəpəz” və “Neftçi”yə göstərdikləri böyük xidmətlərdən danışıb.
Klubumuzun idman direktoru, Konstantin Abramenkonun yetirməsi olan Mehman Allahverdiyev, Knyaz Məmmədov, əvəzedici komandanın baş məşqçi Xaliq Mərdanov onunla bağlı xatirələrini bölüşərək, müəllimlərini böyük hörmətlə anıblar.
Konstantin Abramenkonun son yetirmələrindən olan və hazırda komandamızda çıxış edən Tural Rzayev isə onun yalnız müəllim olmadığını, hər bir uşağa ata qayğısı göstərdiyini deyib.

Regionlar 2022-09-26 10:36:00