×
A
A
A
Sazlamalar

Fransada qayıqla Böyük Britaniyaya keçməyə çalışan 65 mühacir xilas edilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Fransada qeyri-qanuni yollarla Böyük Britaniyaya keçməyə çalışan 65 mühacir La-Manş boğazında xilas edilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, cümə günü regional monitorinq və xilasetmə əməliyyatları mərkəzinə Qravlin kommunası yaxınlığında çətin vəziyyətə düşən qayıq barədə məlumat daxil olub. Xilasetmə əməliyyatı nəticəsində 17-si uşaq olmaqla, ümumilikdə 65 mühacir xilas edilərək Bulon-sur-Mer limanına aparılıb və sərhəd polisinə təhvil verilib.
Paris və London bir neçə ildir ki, əldəqayırma və rezin qayıqlarla La-Manş və Pa-de-Kale boğazlarını keçərək Böyük Britaniyaya çatmağa çalışan qeyri-leqal mühacir problemi ilə mübarizə aparır. Hakimiyyət orqanlarının səylərinə baxmayaraq, qaçqınların sayı durmadan artır. 2021-ci ildə həmin marşrutla ölkəyə daxil olan mühacirlərin sayı 28 mindən çox olub.
Britaniya Sərhəd Xidmətinin bir müddət əvvəl yayılmış proqnozuna görə, 2022-ci ildə bir çoxu Əfqanıstan, İran və İraq vətəndaşları olan qeyri-qanuni mühacirlərin sayına görə növbəti rekord müəyyən ediləcək. Belə ki, ilin əvvəlindən bəri La-Manş boğazı ilə Fransadan Britaniya sahillərinə 25 mindən çox mühacir keçib.

Dünya 2022-09-24 15:14:00