×
A
A
A
Sazlamalar

Gənclər zabit və əsgərlərlə görüşüblər

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə hərbi hissələrin birində gənclərin zabit və əsgərlərimizlə görüşü keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hərbi hissənin zabiti, polkovnik Fariz Sərxanov dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri barədə fikirlər səsləndirib. Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva gənclərin iştirakı ilə şəhid ailələrinin ziyarət olunması, Vətən müharibəsi iştirakçıları və hazırda xidməti fəaliyyətini davam etdirən hərbçilərlə keçirilən görüşlərin ənənəyə çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət-xalq-ordu birliyinin təcəssümünə çevrilən Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında gənc nəslin vətənpərvər ruhda böyüməsinə, azərbaycançılıq ideologiyası və milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasına xüsusi önəm verilir. Digər çıxış edənlər gəncləri muxtar respublikada Azərbaycan Ordusunun ilk nizami hissə və bölmələrinin yaradılması tarixi və həmin dövrdən bu yana keçən 30 il ərzində baş verən dəyişikliklər, qazanılan uğurlar barədə məlumatlandırıb.
Görüşün proqramına uyğun olaraq iştirakçıların hərbi hissə ilə tanışlığı, eləcə də qrup təchizatı, silah və cihazların nümayişi təşkil edilib.
Ənənəvi görüşlərdən fərqli olaraq bu dəfə gənclər üçün daha fərqli təqdimat olub. Belə ki, hərbçilərimiz tərəfindən icra olunan əlbəyaxa döyüş, maneələr zolağının dəf edilməsi, qrupun pusqu və basqın tapşırıqlarını yerinə yetirməsi ilə bağlı icra etdikləri təlim-tapşırıqlar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gənclər tədbirin sonunda hərbçilərlə bərabər nahar ediblər.

Regionlar 2022-09-24 13:24:00