×
A
A
A
Sazlamalar

Bərdədə yeniyetmə və gənclərə “Qızıl Sidney” filmi təqdim olunub

Bərdə, 24 sentyabr, AZƏRTAC

Bərdədə “Olimpiya Odisseyası” layihəsi çərçivəsində Olimpiya çempionu Namiq Abdullayev haqqında çəkilmiş “Qızıl Sidney” filmi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev gənclər siyasəti və idman sahəsində əldə olunan nailiyyətlər barədə danışıb, belə tədbirlərin önəmini vurğulayıb. Bildirib ki, bu gün uşaq, yeniyetmə və gənclər arasında aparılan bu təbliğat işləri, onların vətənpərvərlik ruhunda tərbiyə almaları üçün vacibdir. Olimpiya çempionlarımızla yeniyetmə və gənclərin birbaşa ünsiyyətini təşkil etməklə onların milli ruh və qürur hissini formalaşdıran insanları yaxından tanımalarına imkan yaradılır. Dövlət Himnimizi səsləndirən, bayrağımızı yüksəklərə qaldıran Olimpiya çempionlarımızı tanımaq gənclərimiz üçün unudulmaz xatirə olaraq qalacaq.
Sonra “Sidney-2000” Yay Olimpiya Oyunlarının güləş üzrə Olimpiya çempionu Namiq Abdullayevə həsr edilən “Qızıl Sidney” filmi nümayiş olunub.
Tədbir zamanı Olimpiya çempionu Namiq Abdullayev görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin sertifikatları təqdim edilib.
Qeyd edək ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşdırılan bu layihə MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Regionlar 2022-09-24 12:05:00