NDU-da Britaniya Şurasının təmsilçisi tərəfindən təlim təşkil olunub
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində Britaniya Şurasının təmsilçisi tərəfindən IELTS imtahanlarının keçirilməsi ilə bağlı ikigünlük təlim təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, universitetin rektoru Elbrus İsayev keçirilən təlimin müəllim heyəti üçün önəmini vurğulayaraq, bu cür təlimlərin gələcəkdə tələbələr üçün də faydalı olacağını qeyd edib. Bildirib ki, tələbələrin xarici dil biliklərini inkişaf etdirmək üçün müəllim dəstəyinin və texnoloji avadanlıqların lazımi səviyyədə olması xüsusi önəm kəsb edir. Tələbələrin IELTS imtahanlarında yüksək nəticə göstərdiklərini vurğulayan rektor bu uğurların qazanılmasında universitetin Xarici dillər fakültəsinin müəllim heyətinin böyük rolu olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırda Xarici dillər fakültəsində 6 xarici dil üzrə ixtisaslar tədris olunur.
Rektor bildirib ki, qlobal rəqabətliliyini artıran IELTS qeydiyyat və imtahan mərkəzi artıq universitetdə ingilisdilli təhsilin inkişafına töhfə verir. Ötən tədris ilində 150-dən artıq müəllim və tələbənin IELTS sertifikatı ilə təmin olunması bunun bariz nümunəsidir.
Britaniya Şurasının təmsilçisi tərəfindən keçirilən təlimdə müəllimlər ingilis dili metodologiyası, IELTS imtahanına hazırlıq, tələbələrin IELTS imtahanında yüksək nəticələr göstərməsi üçün dörd bacarıq üzrə vacib məqamların müzakirəsi və IELTS imtahanı haqqında ümumi biliklər qazanıblar. Təlimdə, ümumilikdə, 32 müəllim iştirak edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sentyabrın 20-də Naxçıvan Dövlət Universitetində Britaniya Şurası tərəfindən 3-cü rəsmi IELTS imtahanı keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin qürurverici səhifəsidir
Lənkəranda “Qan ver, həyat xilas et!” şüarı altında gənc könüllülər qan verib
Bərdədə keçirilən qanvermə aksiyasında 23 nəfər gənc könüllü qan verib