×
A
A
A
Sazlamalar

Zaqatala Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Zaqatala, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sentyabrın 23-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Şəhidlik zirvəsi” adlı dəyirmi masa keçirilib. Tədbirdə Vətən Müharibəsi Qəhrəmanının adını daşıyan Zaqatala rayonu Şixamir Qaflanov adına Humanitar fənlər gimnaziyasının, Valeh Bədəlov adına Aşağı Tala kənd 1 saylı və İsmayıl Səmədov adına şəhər 5 saylı tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Rayon Heydər Əliyev Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dəyirmi masanı Mərkəzin elmi işçisi Nuranə Ramazanova açaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsinin qərara alındığını diqqətə çatdırıb. Vurğulanıb ki, bu, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiramın əlamətidir. Çünki onlar qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarımızın müdafiəsi uğrunda savaşıb, bu yolda canlarından keçib, düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı işğaldan azad ediblər.
Tədbirdə Mərkəzin əməkdaşları və qonaqlar çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən söz açıb, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıblar.
Sonra məktəblilər şəhidlərə həsr olunan şeirlərdən ibarət kompozisiya ilə çıxış ediblər.
Tədbirin sonunda Vətən müharibəsi şəhidləri haqqında hazırlanan videoçarx nümayiş etdirilib.

 

Regionlar 2022-09-23 16:18:00