×
A
A
A
Sazlamalar

Şirvanda maarifləndirici tədbir: Narkomaniyaya, əsrin bəlasına yox deyək!

Şirvan, 23 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Şirvan şəhər Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya, əsrin bəlasına yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirici görüş 21 nömrəli tam orta məktəbin akt zalında şəhərin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil edilib.
Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsinin, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunmasının və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən olunduğunu diqqətə çatdırıb. Həmçinin narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra qanun və Dövlət proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini bildirib.
İlqar Abbasov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər icra hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər Komissiya”sının fəaliyyətindən danışıb. Həmçinin narkomanlığın cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılması əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb.
Milli Məclisin deputatı İltizam Yusifov narkotiklərin insan orqanizminə məhvedici təsiri, doğurduğu faciələr, narkomaniya ilə mübarizənin uzunmüddətli və çoxşaxəli bir proses olduğu, bəzi gənclərin narkotik asılılığına yuvarlanması barədə danışıb. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana maraq göstərmələrini tövsiyə edib.
Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov hazırda Şəhər Polis Şöbəsi tərəfindən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər həyata keçirildiyini, qısa müddətdə şəhərin narkotik tacirlərindən təmizlənməsi məqsədilə xeyli iş görüldüyünü vurğulayıb. Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib.
21 nömrəli tam orta məktəbin müəllimi Sevinc Nəsirova yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının əsas səbəbləri və profilaktikası ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

 

Regionlar 2022-09-23 13:52:00