×
A
A
A
Sazlamalar

Çində daha bir sabiq məmur haqqında edam qərarı verilib

Pekin, 23 sentyabr, AZƏRTAC
Çinin ictimai təhlükəsizlik (daxili işlər) nazirinin keçmiş müavini Sun Licün məhkəmənin qərarı ilə edam cəzasına məhkum edilib.
AZƏRTAC xəbər verir ki, məhkəmə prosesinin gedişində sabiq məmurun külli miqdarda rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maliyyə bazarlarını manipulyasiya etməsi və odlu silah gəzdirməsi sübuta yetirilib. Edam cəzası 2 il sonra icra olunacaq.
Dövlət ittihamçıları sabiq nazir müavininin 2001-2020-ci illərdə Şanxay meriyasında və İctimai Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışarkən rüşvət müqabilində ayrı-ayrı şəxslərin biznes fəaliyyəti və işə düzəlmələri üçün qeyri-qanuni dəstək göstərməsinə dair dəlilər təqdim ediblər. Sabiq məmur bu əməllərin əvəzində 647 milyon yuan (təxminən 96,28 milyon ABŞ dolları) rüşvət almaqda təqsirli bilinib. Sun Licün yekun sözündə cinayət əməllərini etiraf edib və peşman olduğunu bildirib.
Qeyd edək ki, bu son günlər Çində sabiq yüksək vəzifəli şəxslərə verilən edam cəzasıdır. Ötən gün Çinin rəsmi media qurumları Çançun şəhər xalq məhkəməsinin korrupsiya əməllərində şübhəli bilinərək həbs edilmiş sabiq ədliyyə naziri və Pekinin sabiq polis rəisi Fu Cenhua haqqında ölüm hökmü çıxarması barədə məlumat yayıb. Bundan başqa, Çin Kommunist Partiyasının Ciansu vilayəti daimi komitəsinin üzvü Van Likı haqqında da edam hökmü verilib. O, külli miqdarda rüşvət almaqda, cinayətkar qruplara himayədarlıq etməkdə, sənədlərin saxtalaşdırılmasında təqsirli bilinib. Van Likı bütün bu qanunsuz əməllərinin müqabilində 440 milyon yuan (təxminən 63 milyon ABŞ dolları) nağd pul və ya bahalı hədiyyələr əldə edib. Bundan başqa, onun edam cəzasına məhkum edilən sabiq daxili işlər nazirinin müavini Sun Licün də daxil olmaqla, bəzi vəzifəli şəxslərə 97,31 milyon rüşvət verməsi sübuta yetirilib.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-09-23 11:05:00