×
A
A
A
Sazlamalar

Funt sterlinqin məzənnəsi son 37 ildə ilk dəfə 1,13 dollardan aşağı enib

Bakı, 22 sentyabr, AZƏRTAC
Funt sterlinqin dollar qarşısında məzənnəsi 1985-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Günün əvvəlində Böyük Britaniyanın rəsmi valyutasının dəyəri 1,1296 dollara qədər enib.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, ilin əvvəlində 1,34 dollara satılan funt sterlinq ABŞ-da uçot dərəcəsinin artması fonunda daha da ucuzlaşıb. Bir gün öncə Birləşmiş Ştatların Federal Ehtiyatlar Sistemi (FRS) uçot dərəcəsini ardıcıl olaraq üçüncü dəfə 0,75 faiz bəndi artıraraq 3-3,25 faizə çatdırıb.
Böyük Britaniyada cümə gününə planlaşdırılan müvəqqəti büdcənin elan edilməsi də məzənnəyə ciddi təzyiq göstərir. Müvəqqəti büdcədə Baş nazir Elizabet Trassın vergiləri azaltmaq barədə seçkiqabağı vədləri, həmçinin elektrik enerjisinin qiymətlərini dondurmaq barədə planları əks olunacaq. Ekspertlərin fikrincə, bütün bunlar yaxın illərdə Böyük Britaniya büdcəsində 100 milyard funt sterlinq həcmində boşluğa səbəb ola bilər.
Eyni zamanda, Böyük Britaniya Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin yolu ilə gedəcəyi və cümə axşamı faiz dərəcələrini 75 baza bəndi artıraraq 2,5 faizə çatdıracağı gözlənilir. Bu, funt sterlinqin kəskin dəyər itirdiyi 1992-ci ilin “Qara çərşənbə” günündən bu yana uçot dərəcəsində ən böyük artım ola bilər.
Tənzimləyici uçot dərəcəsini artırmaqla ilin sonunadək 13 faizə çatacağı gözlənilən inflyasiyanı cilovlamağa çalışır. Rusiya ilə Qərbin qarşıdurması fonunda Avropada qazın qiymətinin rekord həddə çatması və elektrik enerjisinin bahalaşması da Britaniyada inflyasiyanı sürətləndirən amillərdir.

Dünya 2022-09-22 13:17:00