×
A
A
A
Sazlamalar

AEBA Zaporojye AES ətrafında mühafizə zonasının yaradılmasına dair danışıqlara başlayıb

Vyana, 22 sentyabr, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Rusiya və Ukrayna ilə Zaporojye AES ətrafında mühafizə zonasının yaradılmasına dair danışıqlara başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı təşkilatın baş direktoru Rafael Qrossi BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında təsdiqləyib. O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb və mühafizə zonasının yaradılmasına dair “əsl danışıqlara” start verilib. “Böyük yeddilik“ (G7) ölkələrinin XİN rəhbərləri və eləcə də Aİ rəsmiləri ilə mövzu ilə bağlı görüşlər keçirən R.Qrossi ciddi danışıqlar istiqamətində artıq “bütün çarxların işə düşdüyünü” ifadə edib.
R.Qrossi qeyd edib ki, hazırda konkret nəticələrdən danışmaq mümkün olmasa da, bütün tərəflərdə belə bir mühafizə zonanın vacibliyinə inam yarandığını düşünür. O, danışıqları davam etdirə bilmək üçün qısa zamanda Ukraynaya və sonra Rusiyaya səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2022-09-22 11:03:00