×
A
A
A
Sazlamalar

Çin məhkəməsi sabiq ədliyyə naziri haqqında ölüm hökmü verib

Pekin, 22 sentyabr, AZƏRTAC

Çinin Çançun şəhər xalq məhkəməsi korrupsiya əməllərində şübhəli bilinərək həbs edilmiş sabiq ədliyyə naziri Fu Cenhua haqqında ölüm hökmü çıxarıb.
AZƏRTAC xəbər verir ki, məhkəmənin qərarına əsasən ölüm hökmü 2 ildən sonra icra olunacaq. Məhkəmə prosesində keçmiş ədliyyə nazirinin korrupsiya əməlləri, o cümlədən şəxsi qazanc naminə vəzifə səlahiyyətlərini aşması sübuta yetirilib.
Qeyd edək ki, partiya intizamını pozduğu üçün 67 yaşlı Fu Cenhua mart ayında Çin Kommunist Partiyasının sıralarından uzaqlaşdırılıb. Ötən ilin oktyabrında isə bu şəxs barəsində Çin Kommunist Partiyasının Mərkəzi İntizam Komitəsi və Dövlət Nəzarət Komitəsi tədqiqat aparıb. Fu Cenhua karyerası boyunca müxtəlif yüksək vəzifələrdə fəaliyyət göstərib. O, ölkənin daxili işlər nazirinin müavini, həmçinin Pekinin polis rəisi vəzifəsində çalışıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-09-22 10:51:00