×
A
A
A
Sazlamalar

Qazaxıstan və Vyetnam bankları “Mir” kartlarını qəbul etməyi dayandırıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Qazaxıstan və Vyetnam bankları Rusiyaya məxsus “Mir” ödəniş sisteminin kartlarını qəbul etməyi dayandırıb.
AZƏRTAC “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, Vyetnamın BIDV bankı kredit təşkilatının “Visa”, “Mastercard”, “Western Union”, JCB, “UnionPay” kartlarına xidmət göstərdiyini, “Mir” ödəniş sisteminin isə artıq bu siyahıda olmadığını bildirib.
Qazaxıstan Xalq Bankı da bundan sonra “Mir” kartlarını qəbul etməyəcək. Bank nümayəndəsinin sözlərinə görə, Rusiya kartlarına nə terminallar, nə də bankomatlar vasitəsilə xidmət göstərilmir.
Qeyd edək ki, bir müddət öncə Türkiyənin “İş Bankı” və “DenizBank” bankları ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin xəbərdarlığını nəzərə alaraq “Mir” kartlarının qəbulunu dayandırdığını elan etmişdi.
Sentyabrın əvvəlinə olan məlumata əsasən, “Mir” kartları doqquz ölkədə -Türkiyə, Vyetnam, Cənubi Koreya, Ermənistan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanda qəbul edilirdi. Eyni zamanda, İran, Kuba, Misir və Venesuela ilə kartların qəbulu imkanları nəzərdən keçirilirdi.

Dünya 2022-09-21 13:06:00