×
A
A
A
Sazlamalar

Böyük Britaniya Avropanın yeni siyasi millətlər klubuna daxil olub-olmamağı düşünür

London, 20 sentyabr, AZƏRTAC

Böyük Britaniya Avropanın yeni siyasi millətlər klubuna daxil olub-olmamağı düşünür.
AZƏRTAC xəbər verir ki, oktyabrın əvvəlində Praqada Avropa Siyasi Birliyinin ilk iclası keçiriləcək. Baş nazir Liz Trass sammitdə iştirak etməyi öhdəsinə götürməzdən əvvəl zirvə ilə bağlı daha çox təfərrüatı öyrənmək istəyir. Bu, Brexitdən sonra belə bir forum üçün atılan ilk böyük addım olacaq.
Avropa Siyasi Birliyi Fransa prezidenti Emmanuel Makron tərəfindən dəstəklənən ideyadır. O, may ayında bunu əməkdaşlıq üçün yeni məkan kimi təklif etmişdi. Makron təklif edib ki, qrup insanların, xüsusilə gənclərin hərəkəti, təhlükəsizlik, enerji və nəqliyyat məsələlərini müzakirə edə bilər.
Avropa Siyasi Birliyinin yaradılmasında məqsəd Avropa İttifaqının 27 üzv dövlətindən kənara çıxan bir forum yaratmaqdır. Kluba Avropa İttifaqının üzvləri ilə yanaşı, bir neçə şərq ölkəsinin də qatılması gözlənilir.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2022-09-20 18:33:00