×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda bir sıra görüşlər keçirib

Bakı, 14 sentyabr, AZƏRTAC

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 14-də Qurultay çərçivəsində bir sıra görüşlər keçirib.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurultay çərçivəsində şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb. Səmimi söhbət zamanı Ali nümayəndə Azərbaycanla əməkdaşlığın səviyyəsindən, ölkəmizin sivilizasiyalararası dialoq müstəvisində qabaqcıl və fəal rolundan, Azərbaycanın siyasi rəhbərliyinin və dini liderinin bu istiqamətdə dəyərli səylərindən məmnunluğunu ifadə edib, “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlıq fəaliyyətlərini yüksək qiymətləndirib və həyata keçirilməsinə uğurlar diləyib. Migel Anxel Moratinos şeyxülislamdan Azərbaycan Prezidentinə səmimi salamlarını çatdırmağı xahiş edib.
Qurultay çərçivəsində şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin son müqəddəs günləri Kilsəsinin on iki Həvari Şurasının Ağsaqqalı Ulisses Soares ilə də görüşüb. U.Soares Azərbaycanla dinlərarası əməkdaşlığın səviyyəsindən razı qaldığını vurğulayıb. Bildirib ki, Almaniya Mormon İcmasının üzvləri yaxınlarda Azərbaycana səfər edəcəklər və şeyxülislamla görüşmək niyyətindədirlər. Öz növbəsində, QMİ sədrinə bir müddət əvvəl Bakıda ikən ABŞ-ın Soltleyksiti şəhərinə etdikləri dəvəti bir daha yada salaraq, Şeyxülislamın səfərini səbirsizliklə gözlədiklərini diqqətə çatdırıblar. U.Soares İslam dininin ardıcıllarına xoş münasibətini, dinlərarası əməkdaşlığı yüksək dəyərləndirdiyini ifadə edib. QMİ sədri dünyanın bütün inanclı insanları arasında dinlərarası dialoqun vacibliyini vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə, həmçinin Qurultay çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman ruhani idarələrinin rəhbərləri - dini liderləri ilə görüşüb. Müsəlman dini liderlər qarşıdakı birgə fəaliyyət planları barədə fikir mübadiləsi aparıb, gələn ay Azərbaycanda keçiriləcək tədbirləri, Şuşa görüşünə hazırlığı, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini Liderləri Şurasının təsis olunması və Əsasnaməsi ilə bağlı məsələləri müzakirə ediblər.
QMİ sədri Moskva Patriarxiyasının Xarici Kilsə əlaqələri şöbəsinin rəhbəri Volokolamsk Mitropoliti Antoniy ilə də görüşüb. Səmimi görüş çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsinin mövcud əlaqələr, dinlərarası əməkdaşlığın perspektivləri müzakirə edilib.

Din 2022-09-14 18:27:00