×
A
A
A
Sazlamalar

İranın Sistan-Bəlucistan vilayətində malyariya xəstəliyinin yayılması təhlükəsi var

Tehran, 14 sentyabr, AZƏRTAC

İranın Sistan-Bəlucistan vilayətində malyariya xəstəliyinin yayılması təhlükəsi var. Vilayətin xəstəxanalarına ötən il bu xəstəliyə yoluxan 123 nəfər müraciət etmişdisə, cari ildə bu rəqəm 386-ya yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Zahedan Tibb Elmləri Universitetinin rəhbəri Həbib Qəznəvi məlumat verib. O bildirib ki, ötən il Sistan-Bəlucistanda, cari ildə isə qonşu Pakistanda güclü daşqınlar nəticəsində antisanitariya şəraiti yaranıb. Daşqının baş verdiyi ərazilərdəki gölməçələrə toplanan həşəratlar xəstəliyin yayılmasına səbəb olur.
H.Qəznəvi onu da nəzərə çatdırıb ki, bir sıra kəndlərdə infrastrukturun olmaması insanların müalicə almasında çətinlik yaradır. Bölgənin bəzi kəndlərində elektrik enerjisi çatışmır. Xəstəxanaların uzaqda olması da insanların sağlamlığına mənfi təsir göstərir. Onun sözlərinə görə, ötən il malyariyaya yoluxma bir neçə yaşayış məntəqəsində qeydə alınmışdısa, bu il xəstəliyin müşahidə olunduğu yaşayış məntəqələrinin sayı artıb.
Universitet rəhbəri qeyd edib ki, təcili və təxirəsalınmaz tədbirlər görülməsə, xəstəlik daha geniş ərazilərə yayılacaq. İran hökuməti məsələnin araşdırılması üçün bir sıra tədbirlərə başlayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2022-09-14 15:31:00