×
A
A
A
Sazlamalar

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır

Bakı, 14 sentyabr, AZƏRTAC

Qırğızıstan-Tacikistan sərhədində sərhədçilər arasında atışmanın baş verdiyi Bulaqbaşı bölgəsində vəziyyət gərgin olaraq qalır.
AZƏRTAC Qırğızıstan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə yerində Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Batken vilayəti üzrə regional şöbəsinin rəisi Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Soqd vilayəti üzrə regional idarəsinin rəisi ilə görüşüb. Atəşkəs razılaşmasına baxmayaraq vaxtaşırı toqquşmalar davam edir.
Bişkek tərəfinin məlumatına görə, sentyabrın 14-də Tacikistan sərhədçiləri Qırğızıstanın Batken vilayətinin Bulaqbaşı rayonu yaxınlığında döyüş mövqeləri tutub və qarşı tərəfin ərazini tərk etmək tələbinə atəşlə cavab veriblər. Qırğızıstan Sərhəd Xidmətinin məlumatına görə, atışma zamanı Tacikistan tərəfi minaatanlardan istifadə edib.
KİV-də yayılan informasiyalara görə, Tacikistan-Qırğızıstan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində bir tacik sərhədçisi həlak olub, bir neçə nəfər yaralanıb.

Dünya 2022-09-14 11:38:00