×
A
A
A
Sazlamalar

Macarıstan hökuməti müstəqil yanacaqdoldurma stansiyalarının subsidiyalaşdırılmasını davam etdirməyi qərara alıb

Budapeşt, 13 sentyabr, AZƏRTAC

Macarıstan Nazirlər Kabineti ölkədəki müstəqil yanacaqdoldurma stansiyalarının (YDS) dəstəklənməsi üçün əlavə 45 milyon avro ayırıb.
AZƏRTAC Macarıstan hökumətinin informasiya bülleteninə istinadla xəbər verir ki, YDS operatorları yeni müddətə dövlət dəstəyi üçün sifariş verəndən sonra onlar dövlətdən subsidiya almaqda davam edə biləcəklər.
Hökumətin mətbuat xidmətində qeyd ediblər ki, müstəqil YDS-lər üçün subsidiyanın həcmi satılan yanacağın hər litri üçün 8 avrosent məbləğində müəyyən edilib.
Macarıstan Müstəqil Yanacaqdoldurma Stansiyaları Assosiasiyası dövlət subsidiyası proqramının davam etdirilməsi barədə hökumətdən bildiriş alıb və bu qərara görə Nazirlər Kabinetinə təşəkkürünü bildirib.
Bir qədər əvvəl bildirilmişdi ki, Assosiasiya yanacaqdoldurma stansiyalarını iki günlüyə bağlamağı qərara alıb. Bu, yanacağın az olması və qiymətyaranmada qeyri-müəyyənliklə izah edilirdi. İndi həmin qərar öz aktuallığını itirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt 

Dünya 2022-09-13 17:18:00