×
A
A
A
Sazlamalar

Yaponiyanın CMC təşkilatının illik toplantısında diaspor təşkilatımızın nümayəndələri iştirak edib VİDEO

Tokio, 27 avqust, AZƏRTAC
Yaponiyanın CMC (Children Meet Countries) qeyri-hökumət təşkilatının Tokionun “Applause Square” mərkəzində keçirilən illik toplantısında Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyi və nümayəndələri də iştirak edib.
AZƏRTAC xəbər verir ki, əsasən yapon məktəblilərin dünya xalqlarının tarixini və mədəniyyətini yaxından öyrənməsi, xalqlar arasında mədəni mübadilənin təşkili istiqamətində fəaliyyət göstərən təşkilatın toplantısına Yaponiyada çalışan səfirliklərin əməkdaşları, məktəblilər, onların valideynləri və sponsor şirkətlərin rəsmiləri də qatılıblar.
Əvvəlcə təşkilatın son iki ildə fəaliyyəti barədə məlumat verilib, təşkil olunan tədbirlər barədə videoçarx nümayiş etdirilib. Bildirilib ki, hesabat dövründə təşkilatın tədbirlərində 31 məktəbdən 3 mindən artıq məktəbli iştirak edib. Həmin tədbirlərdə məktəblilərə dünya xalqları, onların tarixi və mədəniyyəti haqqında Yaponiyada çalışan səfirliklərin və diaspor təşkilatlarının nümayəndələri tərəfindən əyani və ətraflı məlumatlar təqdim edilib.
Tədbirdə çıxış edən CMC qeyri-hökumət təşkilatının sədri xanım Tamaki Okada həyata keçirilən layihələrin icrasında fəal iştirak edən qonaqlara minnətdarlığını bildirib. Qeyd edib ki, 2014-cü ildə yaradılan bu qeyri-hökumət təşkilatı tərəfindən ümumilikdə 211 dövlət məktəbində təhsil alan 22 min 700 şagirdin iştirakı ilə müxtəlif tədbirlər təşkil olunub. Slovakiya, Tanzaniya, İraq, Efiopiya, Tonqo, Kuba və Meksika səfirlikləri, həmçinin Azərbaycan-Yaponiya Dostluq Mərkəzi diaspor təşkilatı həmin tədbirlər zamanı yapon məktəblilərin təmsil etdikləri ölkələr haqqında ətraflı məlumat alması üçün əllərindən gələni əsirgəməyib. Bu, şagirdlərin həmin ölkələrin tarixi və mədəniyyəti haqqında daha geniş məlumatlanmasında mühüm rol oynayıb.
İllik toplantıda CMC təşkilatı tərəfindən uşaqların dünyaya baxışlarının əks olunduğu “Impression book” kitabçalarının 6-cı və 7-ci buraxılışları təqdim edilib. Nüfuzlu münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən yazıların müəlliflərinə mükafatlar təqdim edilib.
Tədbirdə çıxış edən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər və diplomatik heyətin üzvləri CMC təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək ona uğurlar arzulayıblar.
Toplantı çərçivəsində əyləncəli oyunlar, viktorinalar keçirilib, musiqi nömrələri səslənib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2022-08-27 08:54:00

Video