×
A
A
A
Sazlamalar

Ağsuda yüksək bal toplayan məzunlarla görüş keçirilib

Ağsu, 19 avqust, AZƏRTAC

Ağsu Rayon İcra Hakimiyyətində 500-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan abituriyentlərlə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Rövşən Əliyev, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki görüşdə icra başçısı Rövşən Bağırov çıxış edərək, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, yüksək nəticə göstərən abituriyentlərə uğurlar arzulayıb.
Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Rövşən Əliyev Ağsu təhsilinin yüksələn xətlə inkişaf etməsi üçün təhsil prosesində iştirak edən hər bir şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacib olduğunu bildirib, əvvəlki ilə müqayisədə bu tədris ilində müəyyən uğurların əldə edildiyini vurğulayıb. Qeyd edib ki, rayon üzrə məzunlardan 17 nəfər 500-dən, 3 nəfər isə 600-dən yuxarı nəticə göstəriblər. Bir məzun qırmızı medal və attestata layiq görülüb.
R.Əliyev, eləcə də Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədov rayonda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıblar.
Sonda yüksək bal toplayan məzunlara rayon icra hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin fəxri fərmanları və hədiyyələr verilib.

Regionlar 2022-08-19 18:43:00