×
A
A
A
Sazlamalar

Naftalanda zərərli vərdişlərlə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Naftalan, 18 avqust, Elcan Məmmədov, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-nın müvafiq bəndinin icrası məqsədilə “Vətəndaşların sağlam həyat tərzi, zərərli vərdişlərin cəmiyyətə və insan sağlamlığına göstərdiyi mənfi təsirlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd vətəndaşlar, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin mənfi təsirləri barədə məlumatlanmaqdır.
Tədbirdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, tanınmış videobloger Nail Kəmərli, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların gənc əməkdaşları, müəllimlər, məktəblilər və idmançılar iştirak ediblər.
Şəhər icra hakimiyyətinin əməkdaşı Fəxri Ağayev tədbirdə çıxış edərək sağlam həyat tərzinin mərhələləri və əhəmiyyəti haqqında fikirlərini bölüşüb, müasir dövrdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən birinin tütün, alkoqol və narkotik vasitələrdən istifadənin olduğunu vurğulayıb.
Tanınmış videobloger Nail Kəmərli zərərli vərdişlərin, narkotik vasitələrdən istifadənin insan sağlamlığına, cəmiyyətə mənfi təsirləri, zərərli vərdişlərlə mübarizə yolları haqqında ətraflı məlumat verib. Narkotik vasitələrin, pis vərdişlərin gənclərin həyatında yaratdığı mənfi təsirləri vurğulayıb, hazırladığı video materialları gənc auditoriya iştirakçılarına təqdim edib, tədbir iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıb.
Sonra iştirakçılara şəhər icra hakimiyyəti tərəfindən hazırlanan sağlam həyat tərzinə çağırışı özündə əks etdirən bukletlər paylanılıb.
Sonda sağlam həyat tərzinin təbliği məqsədilə Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış müxtəlif idman nümunələri nümayiş olunub.

Regionlar 2022-08-18 23:58:00