×
A
A
A
Sazlamalar

Sumqayıt idman məktəbinin yetirmələri V İslam Həmrəyliyi Oyunlarda uğurla çıxış ediblər

Sumqayıt, 18 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunları artıq yekunlaşır. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Onların arasında sumqayıtlı idmançılar da var.
Sumqayıt Şəhər İdman və Gənclər Baş İdarəsinin rəisi Elgün Hümbətov AZƏRTAC-a bildirib ki, ümumilikdə Sumqayıtı İslamiada da 16 atlet təmsil edib. Sumqayıtlılar ümumilikdə 1 gümüş və 7 bürünc medal qazanıblar.
Belə ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qadınlar arasında voleybol üzrə yarışlarında milli yığma komandamız Kamerun komandasına 3:0 hesabı ilə qalib gələrək Oyunların bürünc medalını qazanıb. Milli yığma komandanın tərkibində çıxış edən 19 nömrəli oyunçu Bəyaz Alıyeva Sumqayıt voleybol məktəbinin yetirməsidir.
Bununla yanaşı, yunan-Roma güləşi üzrə yarışlarda iştirak edən milli yığma komandanın üzvü, Sumqayıt idmançısı Murad Məmmədov 60 kq çəki dərəcəsində gümüş medala sahib olub.
Digər idmançımız Nazilə İsmayılova ağır atletika üzrə 45 kq çəki dərəcəsində birdənqaldırma (54 kq), təkanla (67 kq) və iki hərəkətin cəmində 121 kq nəticə göstərərək üç bürünc medal qazanıb.
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli yığma komandası avqustun 16-da Əlcəzair yığma komandası ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən milli komandamız 4:3 hesabı ilə qələbə qazanaraq turnirin bürünc medallarına sahib olub. U-23 millimizin tərkibində çıxış edən Rüfət Abdullazadə Sumqayıt futbol məktəbinin yetirməsidir.
Sumqayıt cüdoçuları da Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında fərqləniblər. Avqustun 17-də cüdo idman növü üzrə komanda yarışlarına yekun vurulub. Qadınlardan ibarət milli yığma komandamız Qırğızıstan yığmasına 3:1 hesabı ilə qalib gələrək, oyunların bürünc medalını qazanıblar. Milli yığma komandanın tərkibində çıxış edən Səbinə Əliyeva və Gültac Məmmədəliyeva Sumqayıt cüdo məktəbinin yetirmələridir.
“Bu gün Oyunların yekun günündür. Kikboksinq üzrə yığma komandamızın üzvü, sumqayıtlı Camal Məmmədovun çıxışını səbirsizliklə gözləyirik. İdmançımız daha bir medal uğrunda mübarizəyə qatılacaq”, - deyə Elgün Hümbətov əlavə edib.

Regionlar 2022-08-18 14:22:00