×
A
A
A
Sazlamalar

İtaliyanın Genuya şəhərindəki körpü qəzasında həlak olanların xatirəsi anılıb

Roma, 14 avqust, AZƏRTAC

İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında 2018-ci ildə avtomobil körpüsünün uçması nəticəsində həlak olan 43 nəfərin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, faciənin dördüncü ildönümündə keçirilən mərasimdə Genuya arxiyepiskopu Marko Taska, İtaliyanın nəqliyyat və infrastruktur naziri Enriko Govannini, Genuya meri Marko Bucci və başqaları iştirak ediblər. Mərasimdə İtaliya milli akrobatika komandası Polcevera çayı üzərində uçuşlar nümayiş etdirib, faciədə həlak olan 43 nəfərin adı videoproyeksiya olunub.
İtaliya Prezidenti Sercio Mattarella faciənin ildönümü ilə bağlı bəyanatında hadisə qurbanlarının qohumlarının, yaralıların, bütün genuyalıların yanında olduğunu deyib. Qeyd edib ki, cümhuriyyət tarixinə qanlı səhifə kimi yazılan bu hadisə ilə bağlı ədliyyə orqanları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Baş nazir Mario Draqi isə mərasim iştirakçılarına ünvanladığı məktubunda bildirib ki, oxşar faciələrin bir daha təkrarlanmaması üçün dövlət mümkün olan hər şeyi edir. Biz infrastrukturlarımızın təhlükəsizliyinə zəmanət verməli, vətəndaşların həyatını qorumalıyıq.
Xatırladaq ki, 2018-ci il avqustun 14-də Genuya şəhəri yaxınlığında 1960-cı illərdə inşa edilmiş və üzərindən A10 avtomagistralının keçdiyi 200 metrlik Morandi körpüsü uçub. Hadisə zamanı körpüdə 35 minik avtomobili və 3 yük maşını olub, faciədə 43 nəfər ölüb, 11 nəfər yaralanıb.
Körpünün qalan hissələri 2019-cu ildə sökülüb. Yerində yeni inşa edilmiş Müqəddəs Georgi körpüsü 2020-ci ildə istifadəyə verilib.
Cari il iyulun 7-də isə Genuya məhkəməsində körpünün təmiri və istismarına cavabdeh “Autostrade per l'Italia” (ASPI) şirkətinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla mühakimə edilən ümumilikdə 59 nəfərin ilk məhkəməsi baş tutub. Məhkəmə kollegiyası 2023-cü il iyulun 19-dək keçiriləcək məhkəmə tarixlərini planlaşdırıb. Məhkəmə prosesində şübhəlilər xeyli sayda insanın ölümünə səbəb olmaq, magistral yolda adam öldürmək, ehtiyatsızlıq səbəbindən fəlakətin baş verməsi, səhlənkarlıq, nəqliyyatın təhlükəsizliyinin təmin olunmaması və saxtakarlıq kimi müxtəlif ittihamlarla mühakimə ediləcəklər.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2022-08-14 17:11:00