×
A
A
A
Sazlamalar

Azərbaycanla İsrail arasında qida təhlükəsizliyi sahəsində təcrübə səfərləri təşkil ediləcək

Bakı, 12 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi və İsrail Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Təftiş Xidmətlərinin direktoru Şlomit Zioninin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə İsrail nümayəndə heyətinə agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər və tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.
Dövlət sərhədlərində və gömrük keçid məntəqələrində sərhəd-keçid məntəqələrində bitki və bitkiçilik məhsulları, eləcə də pestisid və aqrokimyəvi maddələrin idxal-ixrac prosesinə nəzarət tədbirləri barədə fikir mübadiləsi aparılıb, zərərvericilərdən azad zonaların yaradılması ilə bağlı təkliflər səsləndirilib. Hər iki ölkədə qarşılıqlı təcrübə səfərlərinin təşkili, əməkdaşlıq üzrə normativ sənədlərin imzalanması məsələləri müzakirə olunub.
Görüşdə İsrailin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının təhlükəsizliyi sahəsində reallaşdırılacaq layihələrdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.

Sosial 2022-08-12 18:22:00