×
A
A
A
Sazlamalar

Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

Bakı, 11 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) 2022-ci ilin iyul ayı üzrə statistik məlumatları açıqlanıb.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, 2022-ci ilin iyul ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 9 min 339 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Müvafiq dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 51 min 734 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 1892 qərar qəbul edilib.

Cəmiyyət 2022-08-11 18:19:00