×
A
A
A
Sazlamalar

Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Qazax şəhərində vətəndaşlarla görüşüb

Bakı, 9 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 9-da Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qazax şəhərindəki Gənclər Evində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov qəbuldan öncə Qazax şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qazax, Ağstafa və Tovuz rayonları sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı Şahin Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Regionlar 2022-08-09 18:48:00