İranın nüvə proqramına dair Vyana danışıqları yekunlaşıb
Vyana, 8 avqust, AZƏRTAC
Vyanada İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişin bərpası ilə bağlı danışıqlar yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı diplomatları mətbuata açıqlama veriblər. Bildirilib ki, yekun sənədin mətni artıq hazırdır və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel tərəfindən sazişdə iştirak edən ölkələrin paytaxtlarına təqdim olunmalıdır. Qeyd edilib ki, son danışıqlarda razılaşdırılan mətn bütün iştirakçı tərəflər üçün güzəştləri özündə ehtiva edir. İki il davam edən danışıqlardan sonra yaxın həftələrdə yeni sənədin qəbuluna ümid edilir.
Vyanada aparılan son danışıqlarda ABŞ-ın sazişə geri dönüşü və İranın nüvə proqramının məhdudlaşdırılması üçün gərgin danışıqlar aparılıb. Yekun sənədin mətni artıq hazırdır və daha danışıqlara ehtiyac qalmayıb. İştirakçı ölkələr rəsmi səviyyədə həmin sənədi qəbul və ya rədd etdiklərini bəyan etməlidirlər.
Qeyd edilməlidir ki, 2018-ci ildə Donald Trampın prezidentliyi dövründə ABŞ İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişdən birtərəfli qaydada çıxmışdı. Sazişi imzalamış digər dövlətlər (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə sazişin bərpası üçün danışıqlar aparılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır