×
A
A
A
Sazlamalar

Astarada 4516 hektar əkinəyararlı torpaq sahəsinin suvarılması tam təmin olunur VİDEO

Astara, 6 avqust, AZƏRTAC

Astara rayonunda 4516 hektar əkinəyararlı torpaq sahəsinin suvarılması tam təmin olunur. Suvarmanın düzgün aparılması bitkilərin inkişafında və məhsuldarlığın artmasında mühüm rola malikdir. Astarada suya tələbatı çox olan əkin sahələri çayçılıq, çəltikçilik, sitrusçuluq, bostan bitkiləri və yonca otlaq sahələridir ki, su ilə tamamilə təmin edilib. Hazırda rayonda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
Bu barədə AZƏRTAC-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Bildirib ki, əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından biri olan Astarada 4516 hektar suvarılan əkinə yararlı torpaq sahəsi var. Astara Suvarma Sistemləri İdarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün öhdəsinə düşən işləri görməkdədir. İdarənin əsas fəaliyyətindən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanılmasıdır. İlin əvvəlindən selötürücü və suötürücü kanalların lildən və palçıqdan təmizlənmə işlərinə başlanılıb.
Astara rayonu ərazisində dörd su mənbəyindən istifadə olunur. Lovayın və Xanbulançay su anbarları, Astaraçay və Pensərçaydan əkin sahələrinə suyun ötürülməsi təmin edilir. Astarada yerləşən yeganə su anbarı Lovayının tutumu 6,3 milyon kubmetrdir. Bu su anbarının mənbəyi əsasən yağış sularıdır. Hazırda bir sıra əkin sahələrinin su ilə təminatı uğurla həyata keçirilir. Rayonda çayçılığın, çəltikçiliyin, sitrusçuluğun, yonca otlaq sahələrinin və bostan bitkilərinin suya tələbatı daha çoxdur. Bu əkin yerlərini su ilə təmin etmək üçün 253 min kilometrlik açıq kanalların üzərində 400-dən çox bənd qurulub.
Qeyd edək ki, Astarada 250 hektar çəltik sahəsi də var və bu sahələrin suvarılması artıq yekunlaşmaq üzrədir.

Regionlar 2022-08-06 12:09:00

Video