×
A
A
A
Sazlamalar

Serbiya və Kosovo rəhbərləri avqustun 18-də Brüsseldə görüşəcəklər

Belqrad, 5 avqust, AZƏRTAC
Avqustun 18-də Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Peter Stano bildirib.
O deyib ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel hər iki ölkənin rəhbərini Brüsselə dəvət edib. P.Stano A.Vuçiç və A.Kurtinin dəvəti qəbul etdiklərini və C.Borel ilə görüş keçirəcəklərini qeyd edib.
Görüşdə Aİ-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak da iştirak edəcək.
Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən Kosovoda yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlayıb. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub, bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub. Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanıb.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2022-08-05 18:17:00