×
A
A
A
Sazlamalar

Britaniyanın baş naziri postuna iddiaçıların ilk teledebatında favorit müəyyən olunmayıb

Bakı, 26 iyul, AZƏRTAC

Böyük Britaniya hökumətinin başçısı postuna iddia edən xarici işlər naziri Elizabet Trass və sabiq maliyyə naziri Rişi Sunak ilk televiziya debatında izləyicilərdə demək olar ki, eyni təəssürat yaradıb və aşkar favorit müəyyən olunmayıb.
AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, “Opinium” agentliyinin min nəfər seçici arasında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlər aşkar qalibi müəyyən edə bilməyib və Elizabet Trassla Rişi Sunak demək olar ki, eyni nəticə göstəriblər. Belə ki, rəyi soruşulanların 39 faizi sabiq maliyyə nazirini, 38 faizi isə hazırkı xarici işlər nazirini dəstəkləyib.
Xatırladaq ki, Boris Consonun istefasından sonra Mühafizəkar partiyada daxili seçkilər davam edir. Partiya üzvləri yayda Boris Consonun varisinə səs verəcək, nəticələr isə sentyabrın 5-də açıqlanacaq. Seçkilərdə qalib gələcəyi təqdirdə Elizabet Trass Marqaret Tetçer və Tereza Meydən sonra ölkənin üçüncü qadın hökumət rəhbəri, Rişi Sunak isə Böyük Britaniyanın ilk Hindistan əsilli baş naziri olacaq.

Dünya 2022-07-26 13:45:00