×
A
A
A
Sazlamalar

Deputat: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir

Bakı, 19 iyul, AZƏRTAC

2022-ci ilin ilk yarısının yekunlarına həsr edilən müşavirədə Azərbaycan Prezidenti tərəfindən bir sıra mühüm mesajlar verildi. Bütövlükdə, bu ilin birinci yarısında iqtisadi artım tempinin davam etməsi və xüsusən də qeyri-neft sektorunda 9,6 faiz artıma nail olunması müsbət haldır və bu ilin ikinci yarısı üzrə də artımın davam edəcəyi gözlənilir. Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 5 faizdən çox böyüyəcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
Rusiya-Ukrayna arasındakı gərginlik fonunda Azərbaycanın geostrateji mövqeyinin daha da gücləndiyini deyən V.Bayramov diqqətə çatdırıb ki, “Şahdəniz” yatağı ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da yüksəldəcək. Azərbaycan Avropa İttifaqı (Aİ) üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Aİ ilə yanaşı ABŞ ilə əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılması da xüsusi qeyd olunmalıdır. Bu əlaqələr Azərbaycanın regional mövqeyinin daha da güclənməsi baxımdan vacibdir.
Azərbaycanda energetikanın, eləcə də alternativ enerji mənbələrinin inkişafı prioritet məsələdir. Alternativ enerjiyə daha çox investisiyanın cəlb olunması müşahidə edilir. Bu da təbii ki, ənənəvi olmayan mənbələrdən daha çox elektrik enerjisinin istehsalına imkan yaradacaq. Eləcə də, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir. Azərbaycan son bir ildə Avropaya 13,5 milyard kubmetr mavi qaz nəql edib və illik mavi qaz ixracı Avropa İttifaqı daxil olmaqla bu il 22 milyard kubmetrdən çox olacaq. Onun təxminən 11 milyard kubmetri Avropaya ixrac olunacaq ki, bu da Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində formalaşmasında rolunun artmasından xəbər verir. İkinci mərhələdə Azərbaycan Avropaya ən azı 20 milyard kubmetr mavi qaz nəql edəcək. Bu da Avropanın enerji təhlükəsizliyi baxımından çox vacibdir. Azərbaycan Avropaya həm də elektrik enerjisi ixrac etmək niyyətindədir. Nəzərə alsaq ki, Aİ Azərbaycanı Gürcüstan və Rumıniya arasında Qara dəniz vasitəsilə çəkiləcək kadr layihəsində iştiraka dəvət edir. Yəni, Azərbaycan elektrik enerjisini Gürcüstan vasitəsilə artıq Avropaya ixrac etmək imkanı qazana bilər. Digər tərəfdən Zəngəzur dəhlizi vasitəsilə elektrik enerjisinin ixracı nəzərdə tutulub ki, bununla da ölkəmiz ənənəvi neft və qaz ixracı deyil, elektrik enerjisi kimi yeni enerji sahəsində ixrac imkanları qazanacaq, həmçinin Azərbaycanın regionda geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq.
Deputat bildirib ki, Ermənistanın 10 noyabr razılaşmasındakı bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsinə baxmayaraq, Azərbaycan işğaldan azad olunan torpaqlarımızın bərpa və yenidənqurmasını daxili mənbələr hesabına davam etdirir. Prezident İlham Əliyev müşavirədə bir daha bəyan etdi ki, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Bu isə region üçün yeganə müsbət alternativin kommunikasiyaların bərpası və qarşılıqlı ərazi bütövlüyünün tanınması olduğunu təsdiqləyir. Azərbaycan ordusu güclüdür və ordu quruculuğu davam etdirilir. Növbəti dövr üçün də prioritetlər bəyan olunub. İqtisadiyyatın leqallaşdırılması ilə bağlı islahatlar davam etdiriləcək, neftdən asılılığın azaldılması ilə bağlı siyasət dərinləşdiriləcək, şəhid ailələrinə və müharibə əlillərinə dövləti dəstəyi daha da gücləndiriləcək, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaq, Qarabağ və Zəngəzurun quruculuq işləri, eləcə də bu gün qlobal xarakter daşıyan ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı işlər aparılacaq. Müşavirədə qeyd olunduğu kimi, dünya iqtisadiyyatı resessiya ilə üz-üzədir. 2022-ci ilin ikinci yarısı və xüsusən də 2023-cü il üçün qlobal proqnozlar ürəkaçan deyil. Bu kontekstdə daxili hədəflərin reallaşması daha da aktuallıq kəsb edir.

Energetika 2022-07-19 19:58:00