×
A
A
A
Sazlamalar

İtaliyada Marmolada zirvəsində buzlağın uçması nəticəsində 20-dək alpinist itkin düşüb

Roma, 4 iyul, AZƏRTAC
İtaliyanın şimal-şərqindən keçən Alp dağlarının Marmolada zirvəsindəki Punta Rokka buzlağının uçması nəticəsində 20-dək alpinistin itkin düşdüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, ötən gün Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi ilkin məlumatlara görə 6 nəfərin həyatına son qoyub. Onlardan dördünün şəxsiyyəti müəyyən edilib. Hadisə nəticəsində alpinistlərdən ikisi ağır olmaqla 8 nəfər yaralanıb. Xəsarət alanlardan ikisi Almaniya vətəndaşıdır. Həmçinin itkin düşmüş 17 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir. Axtarış-xilasetmə işlərinə 5 helikopter və pilotsuz uçan aparatlar cəlb olunub.
İtaliyanın Baş naziri Mario Draqi bu gün səhər saatlarında axtarış-xilasetmə əməliyyatlarının idarə edildiyi Trento bölgəsindəki əməliyyat mərkəzinə gəlib.
İtaliya Prezidenti Sercio Mattarella isə faciə nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, son dövrlərdə xüsusilə də İtaliyanın şimalında anomal istilər və quraqlıq müşahidə olunur. Marmolada zirvəsində havanın temperaturunun 10 dərəcə ilə ən yüksək həddə çatdığı bildirilir. Marmoladanın zirvəsindəki buzlaq İtaliyanın ən böyük buzlaqlarından biri sayılır.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2022-07-04 13:04:00