×
A
A
A
Sazlamalar

Komendant saatı müddətində Nukus şəhərindəki aeroport işləməyəcək

Bakı, 4 iyul, AZƏRTAC

Özbəkistanın tərkibində olan Qaraqalpaqstan respublikasının paytaxtı Nukus şəhərindəki beynəlxalq hava limanı regionda baş vermiş iğtişaşlar səbəbindən tətbiq edilən komendant saatı müddətində işləməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Uzbekistan Airports” kompaniyasının mətbuat xidməti məlumat yayıb.
“Qaraqalpaqstan respublikasında fövqəladə vəziyyət rejiminin və prezident fərmanının icrası ilə bağlı komendant saatının tətbiqi dövründə Nukus şəhərindəki hava limanının fəaliyyəti məhdudlaşdırılıb”, - deyə “Uzbekistan Airports” özünün “Telegram” səhifəsində yazıb.
Xatırladaq ki, iyulun 1-də Qaraqalpaqstan respublikasında konstitusiya dəyişikliklərinə qarşı iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları baş verib. Bununla əlaqədar iyulun 3-də bölgədə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq edilib. İğtişaşlardan sonra ölkə Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqstan respublikasının statusu ilə bağlı konstitusiya dəyişiklərindən imtina etmək qərarına gəlib.
Ölkədə konstitusiya islahatları barədə qanun layihəsində 200-ə yaxın, o cümlədən regionun statusuna dair iki dəyişiklik nəzərdə tutulurdu. Belə ki, 1992-ci ildə qəbul edilən konstitusiyadan Qaraqalpaqstanın Özbəkistan Respublikasının tərkibində suveren respublika olması və qaraqalpaq xalqının ümumi referendumunun nəticələrinə əsasən Özbəkistanın tərkibindən çıxa bilməsi ilə bağlı müddəaların ləğvi təklif olunurdu.

 

 

Dünya 2022-07-04 11:59:00