×
A
A
A
Sazlamalar

On dörd rayonda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək

Masallı, 4 iyul, İ.Cəfərli, AZƏRTAC

İyulun 15-dən etibarən Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək. Vətəndaşlar BMT İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs mərkəzlərində bu xidmətlərdən yararlana biləcəklər.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq ilk təlim kursu Masallıda təşkil olunub. İki gün davam edəcək kursda 14 rayonun hüquqşünasları iştirak edir. Təlimçilər üçün keçirilən kurs inzibati və mülki hüquq üzrə pulsuz xidmətlərin göstərilməsinə həsr olunub.
Təlimə cəlb edilmiş hüquqşünasların 5 ay müddətinə rayonlarda vətəndaşlara ödənişsiz hüquqi xidmətlər göstərməsi nəzərdə tutulub.
Qeyd edək ki, ödənişsiz hüquqi xidmət BMTİP-nin “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində icra olunur. Layihənin əsas məqsədi Azərbaycan Hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək istiqamətində gördüyü işlərə dəstək olmaqdır.
Hazırda Ağcabədi, Biləsuvar, Bərdə, Sumqayıt, Neftçala, Masallı, Xaçmaz, Sabirabad, Salyan, Qusar, Zaqatala, Tərtər, Füzuli rayonlarında və Bakının Xəzər rayonunda Qadın Resurs mərkəzləri fəaliyyət göstərir.
Layihə çərçivəsində, həmçinin regionlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində də fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

 

Regionlar 2022-07-04 11:37:00