×
A
A
A
Sazlamalar

Zaqatalaya yağan leysan vətəndaşların təsərrüfatlarına və infrastruktura ziyan vurub

Zaqatala, 4 iyul, Mustafa Dadaşov, AZƏRTAC

İyulun 3-də axşam saatlarından başlayaraq yağan güclü leysan respublikamızın şimal-qərb bölgəsi rayonlarının ərazisindən axan dağ çaylarında suyun səviyyəsinin xeyli artmasına səbəb olub, nəticədə bəzi yaşayış məntəqələrinə sel gəlib, vətəndaşların şəxsi təsərrüfatlarına, əkin və bağ sahələrinə, infrastruktura ziyan dəyib.
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, güclü leysan nəticəsində rayonun Yuxarı Çardaxlar, Muxax, Qımır, Bazar, Çobankol, Mamrux, Bəhmətli və Lahıc kəndlərində, ümumilikdə, 200-dək evin həyətyanı sahələrinə, əkin yerlərinə, fındıq bağlarına yağış suları dolub, fərdi təsərrüfatlara ziyan dəyib. Güclü külək səbəbindən rayon ərazisində bir neçə yerdə iri gövdəli ağac aşıb.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri işlər davam etdirilir.

 

Regionlar 2022-07-04 10:58:00